Azərbaycan qlobal ekosistemin qorunmasına qayğı göstərən ölkə kimi iddialı hədəflər ortaya qoyur

Azərbaycan qlobal ekosistemin qorunmasına qayğı göstərən ölkə kimi iddialı hədəflər ortaya qoyur

1 Mar, 2024

Azərbaycan qlobal ekosistemin qorunmasına qayğı göstərən ölkə kimi iddialı hədəflər ortaya qoyur

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) Tərəflər Konfransı deməkdir. 2015-ci ildə isə Fransanın paytaxtı Paris şəhərində dünya liderləri COP21 çərçivəsində razılaşma imzaladılar. Paris Razılaşması qlobal temperatur artımını 2°C-dən çox aşağı səviyyədə məhdudlaşdırmağı, eyni zamanda onu 1,5°C-yə qədər məhdudlaşdırmaq üçün mövcud və mümkün səyləri davam etdirməyi hədəfləyir.

COP-un son dövrlərdə neft ölkələrində keçirilməsi o mesajı verir ki, bu ölkələr də öz iqtisadiyyatını yaşıl enerjiyə keçid istiqamətində qurmağa doğru addımlayır və ətraf mühit məsələlərinə həssas yanaşırlar.

BMT-in ən mötəbər tədbirlərindən birinin Azərbaycanda keçirilməsi ölkəmizin daha bir qlobal təşəbbüsi dəstəkləməsi və bununla da, dünya ölkələri arasında nüfuzunun daha da artması deməkdir. Bugünədək keçirilən COP tədbirləri içərisində ən çox yaddaqalan Birləşmiş Ərəb Əmirliklərinə COP28 tədbirindən sonra Azərbaycanın bu missiyanı davvam etdirməsi həqiqətən də məsuliyyəti daha da artırır. Dünya dövlətləri ilə iqlim maliyyəsinin artırılması, yeni və daha güclü öhdəliklərin götürülməsi ilə bağlı danışıqlar prosesini aparmaq Azərbaycana həvalə olunub və bu da, kifayət qədər məsuliyyətli işdir.

Bu ilki BMT-nin iqlim gündəmində əsas və ən mübahisəli məsələ iqlim dəyişikliyinə həssas ölkələrə iqlim tədbirlərini sürətləndirməyə kömək etmək üçün 2025-ci ildən sonra da davam edəcək yeni maliyyə məqsədi ilə bağlı razılaşmadır. Yeni maliyyə hədəfini əldə etmək çətin olacaq və ən yüksək səviyyəli danışıqları tələb edəcək.

BƏƏ, Azərbaycan və COP30-a ev sahibliyi edən Braziliya 1,5 dərəcə Selsi temperatur həddinə çatmaq üçün COP28-dən COP30-a qədər beynəlxalq əməkdaşlığa təkan vermək üçün “üçlük” (Troyka) yaratdılar. Qalıq yanacaqlardan təmiz enerjiyə keçmək yaşıl iqtisadiyyata keçid deməkdir.

Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik ölkə olaraq regionun, eləcə də planetin ekosisteminin qorunmasına qayğı göstərən ölkədir və məsuliyyəti dərk edir. Azərbaycan ətraf mühitin dayanıqlılığı sahəsində, yaşıl enerjiyə keçid sahəsində islahatları ildən-ilə genişləndirir. COP29-a ev sahibliyi də böyük bir fürsət oldu ki, daha iddialı hədəflər ortaya qoyaraq dünya ölkələri arasında öncülüyümüzü, islahatçı və tərəqqiyə yönəli olduğumuzu bir daha sübut edə bilək.

Azərbaycanda yaşıl iqtisadiyyata keçidin təməli hələ 21-ci əsrin əvvəllərində qeyri-neft sektorunun inkişafına dövlət tərəfindən ayrılan investisiya, xüsusi diqqətlə başlamışdı. Bugün artıq Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonasına çevrilir və ölkəmiz günəş və külək kimi təbii mənbələrdən enerji istehsalını ildən-ildə artırmağa davam edir. Milli Müəyyən edilmiş töhfələr üzrə hədəfimiz 1990-cı illə müqayisədə istixana qazlarının emissiyasının 2030-cu ilədək 35% azaldılmasıdır. İnanıram ki, Azərbaycan bundan da artığına nail ola biləcək potensiala malikdir. Elmin və texnologiyaların inkişafı nəticəsində karbon emissiyasının azaldılmasına daha sürətli nail olmaq mümkündür.

Qadınların iqlim dəyişikliyi danışıqlarında rolunun vacibliyi hər zaman BMT tərəfindən vurğulanır. Burada həmişə icma, hüquqlar və gender bərabərliyi prioritet məsələ olmuşdur. Analar, qadınların cəmiyyətdə, ailədə rolu həmişə qoruyucu, məsuliyyəti böyük və qayğıkeş obrazda olmuşdur. Ona görə Məhz ətraf mühitə qayğı göstərmək məsələsində də qadınların müstəsna rolu var. Bu səbəbdən iqlim danışıqlarında qadınların həssas yanaşmasına ehtiyac duyulur. COP29 Təşkilat Komitəsinin tərkibində 44% qadınların təmsil olunması Azərbaycanın iqlim dəyişikliyi üzrə danışıqlarda qadınların rolu və töhfəsinə verdiyi önəmdən irəli gəlir.

Düşünürəm ki, Bakının ev sahibliyi edəcəyi bu mötəbər tədbirdən sonra da Azərbaycan ətraf mühit məsələləri üzrə dünya gündəmində uzun müddət qalacaq və növbəti ev sahibi ölkələr üçün nümunə olacaqdır.