Hər il dünyada 1 milyondan çox uşaq vərəmlə xəstələnir

Hər il dünyada 1 milyondan çox uşaq vərəmlə xəstələnir

19 fevral, 2021

Hər il dünyada 1 milyondan çox uşaq vərəmlə xəstələnir

COVID-19 infeksiyası uşaqlarda indiyədək nadir hallarda ağırlaşmaya səbəb olub. Pandemiya başladığı vaxtdan bəri uşaqlarda ağırlıq dərəcəsi və tezliyi baxımından böyüklərə nisbətən daha az təsirlənir və bu halların 2 faizdən azını təşkil edir. Bir qrup tibb aliminin “Pediatriks” jurnalında dərc olunan “Uşaqlarda COVID-19 və ailələrdə infeksiyanın dinamikası” üzrə tədqiqat işinin nəticələrinə əsasən, digər viruslu hava-damcı yolu ilə ötürülən yoluxucu xəstəliklərdən fərqli olaraq, uşaqlar SARS-CoV-2 virusunun ötürülməsinin əsas vektoru sayılmır, onlar adətən ailə üzvlərindən yoluxa bilir. Uşaqdan uşağa yoluxma və ya uşaqdan böyüyə yoluxma halları haqqında heç bir sübut yoxdur.

Digər bir araşdırma uşaqların asimptomatik qalması, simptom öncəsi bir mərhələ keçdiyini və ya qızdırma, öskürək kimi simptomlarla müşayiət olunduğunu bildirir. ABŞ-da pediatrik koronavirus halları təxminən üçdə biri 15 ilə 17 yaş arası uşaqlarda meydana gəlib. Həmin tədqiqatda qeyd olunur ki, şiddətli kəskin tənəffüs çatışmazlığı sindromu SARS-CoV-2 infeksiyası olan anaların yenidoğulmuşlarında şaquli ötürülmə riski sadəcə 2 faizdir.

COVID-19 virusunun uşaqlara təsiri az olsa da, vərəm onlardan yan keçmir. Yeni növ koronavirus tüğyan etməyə başlamadan öncə dünyada ən çox insan ölümünə səbəb olan yoluxucu xəstəlik vərəm idi. Hər il dünyada 1 milyondan artıq uşaq vərəmlə xəstələnir. Ümumdünya Səhiyyə Təşkilatının vərəmlə bağlı 2020-ci il hesabatına əsasən, 2019-cu ildə dünyada 1.2 milyon 15 yaşadək uşaq vərəmlə xəstələnib.

Vərəm qarşısı alına bilən və müalicə edilə bilən xəstəlik olsa da, dünya miqyasında uşaq ölümlərinin ilk səbəblərindən biridir. Vərəm ən çox gənc və həssas insanlara təsir edir: Uşaqlarda vərəmdən ölümlərin 80 faizi beş yaşdan kiçik uşaqlar arasında baş verir. Buna görə uşaq vərəminə son qoymaq 2030 Davamlı İnkişaf Məqsədlərinin mərkəzində durur: “Yeni doğulmuş körpələrin və beş yaşınadək uşaqların ölümlərinə son qoymaq”.

Cəmiyyətdə ictimai səhiyyənin uşaq sağlamlığına, onların sağ qalmasına və inkişafına təsirinin böyük olduğu dərk olunmalıdır. Dünya əhalisinin üçdə biri vərəmə yoluxsa da, hər kəs vərəmlə xəstələnmir. Uşaqlar vərəmə yoluxduğu zaman daha tez xəstələnə bilir və simptomlar daha sürətlə özünü göstərir, çünki onların immuniteti böyüklərə nisbətən zəif olur. Adətən uşaqlar vərəm xəstəsi ilə kontaktdan yoluxa bilirlər, bu səbəbdən vərəm kontaktı (yaxın ailə üzvü, qohumları və digər təmasları) olan uşaqlarda profilaktik müalicə aparılmalıdır.

Vərəm əleyhinə yeganə peyvənd, 100 yaşı olan BCG vaksini, yeni doğulmuş körpələrə vurulur və erkən uşaqlıq dövründə ən ağır vərəm növlərindən qoruyur, lakin yeniyetməlik dövründə bu peyvənd təsirini itirir. COVID-19 peyvəndlərinin sürətli inkişaf təcrübəsi öyrənilərək vərəm əleyhinə yeni peyvəndin də hazırlanması beynəlxalq və milli vərəm təşkilatları tərəfindən arzu olunur.

COVID-19 peyvəndinin hazırlanması təcrübəsində olduğu kimi vərəm peyvəndləri üçün maliyyənin öncədən toplanılması və vərəm əleyhinə yeni peyvəndi hazırlamaq üçün yeni elm və tədqiqat üsullarının tətbiq edilməsi təklif olunur.

Uşaqlarda vərəmin diaqnostikası və müalicəsi xüsusi yanaşma tələb etdiyi üçün uşaqlara uyğun vərəm əleyhinə dərmanların mövcud olmasına baxmayaraq, dünya miqyasında vərəmdən ölən uşaqların 96 faizindən çoxu heç vaxt müalicə almır. Məktəbdə ayrı-seçkilik, stiqma bu problemi ikiqat artıran faktorlardandır.

ÜST-nin hesabatına əsasən, Azərbaycanda 2019-cu ildə 480 nəfər uşaq vərəmlə xəstələnib. Son illərdə uşaqlar arasında dərmanlara davamlı vərəm formaları da geniş yayılıb. Vərəmdən əziyyət çəkən uşaqlara dövlətimizin qayğısı böyük olmuşdur. Bu məqsədlə, son illərdə Prezident İlham Əliyevin tapşırığı ilə yeni və müasir quruluşlu vərəm əleyhinə tibb müəssisələri inşa edilib. Buzovna qəsəbəsində yerləşən Gindes adına uşaq vərəm sanatoriyası yeni, hər cür müasir avadanlıqlar və şəraitlə təchiz olunmuş vərəm əleyhinə müəssisə ilə əvəzlənib və yaxın zamanlarda istifadəyə verilməsi gözlənilir.

Uşaqların vərəmdən mühafizəsi bu il Ümumdünya Vərəmlə Mübarizə günü ilə əlaqədar diqqət mərkəzindədir. Azərbaycan Vərəm Koalisiyası və “Sağlamlığa Xidmət” İctimai Birliyi bu istiqamətdə tədbirlər planı hazırlayıb. Tədbirlər planı çərçivəsində ölkəmizdə vərəm əleyhinə tibb müəssisələrində müalicəsini davam edən uşaqlarla görüş və onlar üçün əyləncəli tədbirlərin təşkili, eyni zamanda məktəblilər arasında vərəmin profilaktikasını gücləndirmək məqsədilə bir sıra maarifləndirmə tədbirlərinin təşkil edilməsi nəzərdə tutulur. Həmçinin uşaqlarda vərəmin profilaktika, diaqnostika və müalicəsinə dair Türkiyə və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Azərbaycanda fəaliyyət göstərən pediatr və pulmonoloqlar üçün bir günlük elmi vebinar təşkil olunacaq.