Yodla çirklənmiş torpaqların təmizlənməsi

Yodla çirklənmiş torpaqların təmizlənməsi

1 Avq, 2025

Yodla çirklənmiş torpaqların təmizlənməsi

Neftçala rayonunda yerləşən yod istehsalı müəssisələrinin fəaliyyəti nəticəsində ətraf torpaqlar və su mənbələri uzun illər boyu çirklənməyə məruz qalıb. Zavodların köhnəlmiş texnoloji avadanlıqları, tullantıların təmizlənmədən əraziyə axıdılması və əvvəllər istismar olunmuş zavod qalıqlarının terrikonlaşması torpaqda və suda yod, brom, arsen, kobalt, nikel, xrom, mis kimi elementlərin normadan dəfələrlə artıq toplanmasına səbəb olub.

Laborator analizlər göstərir ki, bu ərazilərdə yodun miqdarı normadan 108 dəfə, bromun isə 6 dəfədən çox yüksəkdir. Nəticədə torpağın üst qatı rəngini dəyişib, bitkilərin kök sistemi zəifləyib, məhsuldarlıq kəskin azalıb. Kiçik su canlılarının məhv olması ilə qida zənciri pozulub, quş və heyvanların ölü halları müşahidə olunub. Ərazidə axşam saatlarında havada bənövşəyi buxar təbəqəsinin yaranması da ekoloji risklərin böyüklüyünü sübut edir.

Bu vəziyyət həm ekosistemin, həm də insan sağlamlığının təhlükə altında olmasına gətirib çıxarır. Çirklənmiş torpaqlar kənd təsərrüfatı üçün yararsız hala gəlib, yerli icmaların yaşayış şəraitinə və iqtisadi fəaliyyətinə mənfi təsir göstərir. Əgər vaxtında tədbir görülməzsə, torpağın deqradasiyası dərinləşəcək, biomüxtəliflik isə tamamilə məhv ola bilər. 

Çirklənmiş ərazilərin fitoromediasiya üsulu ilə bərpası ilə, torpağın məhsuldarlığı artırıla və biomüxtəliflik qoruna bilər. Regiona uyğun ağac və bitki növlərinin əkilməsi, torpağın üzvi maddələrlə zənginləşdirilməsi, su resurslarının qorunması və icmaların maarifləndirilməsi ilə ekosistemin davamlılığı təmin edilə bilər.

Təşkilatımıza müraciət etmiş gənc alimin layihəsi beynəlxalq sərgidə maraqla qarşılanıb.