03
05.2025
İcbari Tibbi Sığorta Pirallahı Tibb Mərkəzində vətəndaşlara sağlam gələcək vəd edir!
2 may 2025-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Abşeron yarımadasının ən ucqar nöqtələrindən biri olan Pirallahı qəsəbəsində yerləşən Tibb Mərkəzinə media-tur təşkil olundu. Tədbirdə jurnalistlərlə yanaşı, qeyri-hökumət təşkilatlarının nümayəndələri, o cümlədən “Sağlamlığa Xidmət” İctimai Birliyinin direktoru da iştirak etdi. Media-turun əsas məqsədi ictimaiyyəti icbari tibbi sığorta sisteminin bölgələrdə necə tətbiq olunduğu ilə yaxından tanış etmək, pasiyentlərin bu sistemdən necə yararlandığını yerində müşahidə etmək idi.
Pirallahı Tibb Mərkəzinin direktoru Azər Zeynalov media nümayəndələrinə təqdimat zamanı qeyd etdi ki, icbari tibbi sığortanın tətbiqi ilə xəstəxananın fəaliyyəti yeni bir mərhələyə qədəm qoyub. 115 çarpayılıq bu müasir mərkəzdə artıq Poliklinika, Yoluxucu Xəstəliklər, Doğum-Ginekologiya, Terapiya, Uşaq, Cərrahiyyə, Anesteziologiya-Reanimasiya, Təcili Tibbi Yardım və Fizioterapiya şöbələri fəaliyyət göstərir. Xəstəxana ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Yeni cihazlar sayəsində müayinələrin dəqiqliyi və sürəti əhəmiyyətli dərəcədə artıb. Laboratoriya xidmətləri beynəlxalq standartlara uyğunlaşdırılıb, bu da pasiyentlərə daha dəqiq diaqnoz və effektiv müalicə imkanı yaradır.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, icbari tibbi sığorta tətbiqindən sonra Mərkəzdə əvvəllər həyata keçirilməsi çətin olan bəzi əməliyyatlara da başlanılıb. Təkcə ötən il ərzində sığorta çərçivəsində 2000-ə yaxın cərrahi əməliyyat uğurla icra olunub. Bu əməliyyatlar əsasən hamiləlik və doğuş, sidik-cinsiyyət sistemi, həzm orqanları və dəri xəstəlikləri ilə bağlı olub. Eyni zamanda, bir il ərzində Mərkəzə icbari tibbi sığorta ilə 85 mindən artıq müraciət daxil olub və nəticədə 350 mindən artıq tibbi xidmət göstərilib – bu, hər bir vətəndaşın sağlamlığının nə qədər əhəmiyyətli olduğunu göstərən statistik rəqəmlərdir.
Keyfiyyətə nəzarət və fasiləsiz inkişaf
Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bildirib ki, ötən il ərzində aparılan monitorinqlər nəticəsində tibbi xidmətlərin təşkili, avadanlıqların vəziyyəti və tibbi personalın bilik səviyyəsi qiymətləndirilib. Aşkarlanan nöqsanlar üzrə dərhal tədbirlər görülüb. Onun sözlərinə görə, bu monitorinqlərin əsas məqsədi vətəndaşların tibbi xidmətlərdən fasiləsiz, maneəsiz və yüksək keyfiyyətlə faydalanmasını təmin etməkdir. TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova Pirallahı Tibb Mərkəzinin strateji əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Mərkəz təkcə təxminən 20 min nəfər əhalisi olan qəsəbəyə deyil, eyni zamanda Çilov adasında yaşayan 200 nəfərə yaxın vətəndaşa da tibbi xidmət göstərir. Bu isə sağlamlıq xidmətlərinin coğrafi baxımdan əlçatan olmasının nümunəsidir.
Reallığın səsi: pasiyentlərin təəssüratları
Media-tur çərçivəsində jurnalistlər xəstəxananın Fizioterapiya, Cərrahiyyə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım, Poliklinika, Laboratoriya və Ginekologiya şöbələrində aparılan işlərlə yerində tanış oldular. İcbari tibbi sığorta hesabına müalicə alan vətəndaşlarla keçirilən görüşlər zamanı onların təəssüratları dinlənildi. Pasiyentlərin sözlərindən aydın oldu ki, sığorta sisteminin tətbiqi ilə həyat keyfiyyətləri artıb, artıq tibbi yardım almaq üçün maddi çətinliklərlə qarşılaşmırlar.
Media-tur sual-cavab sessiyası ilə başa çatdı. Tədbir bir daha göstərdi ki, icbari tibbi sığorta təkcə bir sistem deyil, həm də ölkə vətəndaşlarının rifahı və gələcəyi üçün atılmış mühüm bir addımdır. Pirallahı Tibb Mərkəzi nümunəsində bu sistemin uğurlu nəticələri aydın şəkildə özünü göstərir.
Sağlam yaşamaq hər kəsin haqqıdır!
Türkan Muxtarlı