1 Mar, 2024
COP29 – QLOBAL ÇAĞIRIŞLAR, ÖHDƏLİKLƏR VƏ GÖZLƏNTİLƏR
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) Tərəflər Konfransı deməkdir. Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir. COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçir. Həmçinin bu regionlardakı qrup ölkələri arasında da sədrliklə bağlı növbələşmə mövcuddur.
2015-ci ildə Fransanın paytaxtı Parisdə dünya liderləri COP21 çərçivəsində razılaşma imzaladılar. Paris Razılaşması qlobal temperatur artımını 2°C-dən çox aşağı səviyyədə məhdudlaşdırmağı, eyni zamanda onu 1,5°C-yə qədər məhdudlaşdırmaq üçün mövcud və mümkün səyləri davam etdirməyi hədəfləyir. Paris Sazişinə əsasən, tərəflərdən 2020-ci ildən başlayaraq hər beş ildən bir yeni və ya yenilənmiş Milli Müəyyən edilmiş Töhfələr (Nationally Determined Contributions -NDCs) təqdim etmələri xahiş olunur. Ölkələr həmçinin “əsrin ortalarında uzunmüddətli aşağı istixana qazı emissiyalarının inkişaf strategiyaları” (uzunmüddətli strategiyalar - LTS) ilə bağlı məlumat verməyə dəvət olunur. NDC və LTS vasitəsilə götürülmüş öhdəliklərdən başqa, bəzi Tərəflərin netto-sıfır emissiya hədəfləri də var. Məsələ qlobal olduğu üçün hər ölkə öz hədəflərini müəyyən etməlidir.
COP28 BƏƏ-də, Dubayda 70 min qonağın iştirakı ilə keçirilmişdi. Neft ölkəsinin COP-a sədrlik və ev sahibliyi etməsi tənqid hədəfinə çevrilsə də, görünən odur ki, inkişaf etmiş ölkələr onsuz da öz hədəflərinə çatmaq üçün geniş imkan, infrastruktur və müvafiq strategiyaları işləyib hazırlaya biləcək resurslara, potensiala, texnologiyaya və insan resurslarına malikdir. İqtisadiyyatı neftdən asılı olan ölkələrin isə yaşıl enerjiyə keçid istiqamətində resursları məhduddur və bu istiqamətdə potensialın artırılmasına ehtiyac var. Paris Sazişinin əsas məqsədlərindən biri də inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyini yumşaltmaq, iqlim təsirlərinə adaptasiya olmaq bacarıqlarının, potensialının artırılması üçün maliyyə dəstəyinin göstərilməsidir.
COP-un BƏƏ-də keçirilməsi iqlim dəyişikliyi, ətraf mühit məsələlərinə hətta dünya neft divinin də həssas yanaşdığını göstərdi. Bu, ölkənin öz qlobal öhdəliklərini yenidən nəzərdən keçirməyə, ölkədə ətraf mühit məsələlərində “axsayan” yerlərin düzəldilməsinə, yaşıllaşdırma strategiyalarına keçid üçün böyük fürsət olmaqla yanaşı həmçinin Dubay şəhərinin bütün dünyanın gündəmindən həftələrlə düşməməsi onun beynəlxalq aləmdə nüfuzunu artırdı.
Bundan başqa, səhiyyə, ərzaq, kənd təsərrüfatı ilə bağlı çoxsaylı beynəlxalq konfranslar, tədbirlər üçün məkan olaraq Dubay şəhərinin seçilməsini hətta COP bitməsinə baxmayaraq hələ də müşahidə edirik. Buna səbəb həm də aviabilet qiymətlərində endirimlərin edilməsi idi.
Beynəlxalq nüfuzu artıran digər məsələlər isə COP28-də baş verən ilklər idi. Belə ki, konfransın yekun sənədində və konfrans çərçivəsində COP prezidentinin nitqlərində qalıq yanacağın (fossil fuel) azaldılması məsələsi COP-lar tarixində ilk dəfə olaraq vurğulandı və dünya dövlətləri öhdəlik götürdülər. Bu, uzun illərdir ki, qalıq yanacağı mərhələləri şəkildə dayandırmağı tələb edən vətəndaş cəmiyyəti təşkilatlarının, elm adamlarının açıq məktublarının uğuru idi.
Digər “ilk”-lərdən biri İqlimin maliyyələşdirilməsi, “İtki və zərər” fonduna ödənişlərin edilməsi barədə öhdəliklərin götürülməsi oldu. 800 milyon ABŞ dolları məbləğində bu fonda investisiya qoyulacağı açıqlandı, onun 100 milyonu BƏƏ tərəfindən edildi. COP-lar tarixində ilk dəfə Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı mövzusunda xüsusi gün, ilk dəfə olaraq səhiyyə günləri keçirildi və “İqlim dəyişikliyi və Sağlamlıq” adlı bəyannamə qəbul edildi.
Qlobal istiləşməni azaltmağın ən sürətli və yaxın müddətli yolu metan emissiyasını azaltmaqdır.
Qlobal Metan Öhdəliyi (Global Methane Pledge)
BMT-in İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin (İPCC) 2019-cu il hesabatı qiymətləndirdi ki, metanın qlobal istiləşməyə potensial zərəri, təsirlər 20 il ərzində ölçüldükdə, ekvivalent olan karbon dioksid miqdarından 80 dəfə çoxdur. IPCC-nin son hesabatına görə, təbii qazın əsas komponenti olan metan dünyanın enerji təchizatından yaranan bütün istixana qazı emissiyalarının təxminən 18%-ni təşkil edir. Metan həmçinin zibilliklərdə, kənd təsərrüfatında və parçalanma kimi təbii proseslərdə də əmələ gəlir. 2030-cu ilə qədər antropogen metan emissiyalarını 30% azaltmaq kimi GMP məqsədinə nail olmaq yaxın müddətli istiləşməni azaltmağın ən sürətli yoludur və 1,5°C temperatur həddini saxlamaq üçün çox vacibdir.
COP28 çərçivəsində Qlobal Metan Öhdəliyi Nazirləri 2030-cu ilə qədər metanın emissiyasının 2020-ci il səviyyəsindən ən azı 30 faiz azaldılması hədəfinə çatmaq üçün öhdəlik götürdülər. 49 neft və qaz istehsal edən şirkət 2030-cu ilədək metanın emissiyasının azalmasında razılaşdılar.
COP29-dan gözləntilər isə daha iddialı hədəflərin ortaya qoyulmasıdır. Məsələn, Milli müəyyən edilmiş Töhfə (MMT) hədəflərini artırmaq, MMT çərçivəsində İqlim dəyişikliyinin yumşaldılması və iqlim təsirlərinə uyğunlaşma istiqamətində çatışmayan sahələrin işlənməsi, müvafiq təhlillərin aparılması, həmçinin 2050-ci ilədək Milli GHG emissiyasının azaldılması hədəfini 1990-cı illə müqayisədə 40%-dən minimum 45%-dək artırmaq məqsədəuyğun olardı.
İqlim dəyişikliyi ilə mübarizədə Elm Fondu yaradıla bilər və iqlim maliyyəsinin çox hissəsini araşdırmalara sərf edilə bilər və bununla da elmin və texnologiyanın nailiyyətləri ilə “1.5” hədəfinə çatmaq asanlaşacaqdır.
Daha sonra hər ölkənin risklərin qiymətləndirilməsi və uyğunlaşma planına ehtiyacı var – Ölkəyə xas Milli Uyğunlaşma Planları hazırlanmalıdır. Bütün ölkələrin 2025-ci ilə qədər iqlim dəyişikliyinə Milli Adaptasiya Planları olmalıdır. Yaşıl İqlim Fondu bu işin bir hissəsini öz üzərinə götürüb. Onlar ən az inkişaf etmiş ölkələrə, inkişaf etməkdə olan kiçik ada dövlətlərinə və Afrika ölkələrinə bu istiqamətdə maliyyə dəstəyi göstərir.
Qlobal səhiyyə COP29 çərçivəsində prioritet olmalı və hökumətlər, bizneslər üçün əsas göstərici rolunu oynamalıdır. Qlobal səhiyyə ictimaiyyəti iqlim dəyişikliyinin təsirlərinə cavab verməkdə və qlobal sağlamlıq təhlükəsizliyinin yaxşılaşdırılmasına töhfə verməkdə mühüm rola malikdir. Ölkələrin səhiyyə sistemlərinin iqlim dəyişikliyinə uyğunlaşma imkanlarının asanlaşdırılması əsas məsələdir.