1 Mar, 2024
Qlobal və regional su qıtlığının ölkəmizə təsirləri
Su qıtlığını yaradan əsas amillər quraqlıq və çirklənmədir. Hər ikisi insan fəaliyyətinin nəticəsidir. Su ehtiyatlarının qlobal və regional tükənməsi öz növbəsində ölkəmizə də təsir göstərir.
2011-2020-ci illərdə buzlaqların əriməsi əvvəlki 10 illiklərlə müqayisədə 75% artıb. Əriyən buzlaqlar okeanlarda suyun səviyyəsinin qalxmasına, daha çox yer tutmasına və dəniz səviyyəsinin yüksəlməsinə, daşqınlara səbəb olur. Daşqınlar nəticəsində bakterial, viral, göbələk, vektor yoluxucu xəstəliklərin yayılmasına təkan verir və beləliklə, insanlar və dünya növbəti pandemiya ilə üz-üzə qala bilər.
Avropa İttifaqının (Aİ) Kopernik İqlim Dəyişikliyi Xidməti dünya tarixinin ən isti 3 ayının yaşadığını açıqlayıb. Məlumata əsasən, 2023-cü il dünyada ən isti il kimi qeydə alınıb. Nəticədə ölkəmizdə də çaylarda sululuq azalmış, bir sıra su hövzələri qurumuşdur. İqlim dəyişikliyinin qarşısının alınması üçün bütün səylərə baxmayaraq hələ ki, qlobal istiləşmə artan dinamika ilə davam edir. Belə bir halda vətəndaşların üzərinə çox böyük məsuliyyət düşür.
İnsanların maarifləndirilməsi ilə suya xeyli qənaət etmək mümkündür. Su krantlarının açıq qoyulmaması, sudan səməli istifadə, bəzi təsərrüfatlarda texniki sudan istifadə olunması, məişətdə istifadə edilən suyun filtrdən keçiriləcək yenidən istifadəsi suya qənaət etməyə imkan verəcəkdir.
Həmçinin məişətdə texnoloji yeniliklər və süni intellektdən istifadə etməklə suya qənaət etmək mümkündür. Özü qapanan su kranlarından evlərdə, müəssisələrdə, həmçinin çənlərin doldurulması zamanı istifadə olunması məqsədəmüvafiq olardı. Yağış sularından istifadə edilməsi, onların rezervlərə yığılmasının təşkili və ondan istifadə, suyun duzsuzlaşdırılması su probleminin həllinə kömək edəcək üsullardan bir neçəsidir. Hətta insanlar istifadə etdikləri kondisionerlərin suyunu belə yığıb müəyyən məqsədlər üçün, evdəki dibçəklərin su tələbatını ödəmək üçün istifadə edə bilərlər.
Suyun tərkibinin çirklənməsi də su ehtiyatının tükənməsi deməkdir. Yaşayış binalarında zirzəmilərin su ilə dolması, qeyri-yaşayış binalarında istifadə edilən çənlərin illərlə təmizlənməməsi, həmçinin qapalı su hövzələrinin təmizlənməməsi suyun keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır.
Çayların, göllərin, su anbarlarının təmizlənməsində yeni metodlar tətbiq olunmalı, bu işə xarici şirkətlər cəlb olunmalı, yerli mütəxəssislərin bilik və bacarıqları artırılmalıdır. Regionlarda mövcud su qıtlığı insanların miqrasiyasına səbəb olur və urbanizasiyanı sürətləndirir. Bəzi rayon və kəndlərdə yeni su kanallarının çəkilişinə ehtiyac var.
Bütün problemlərin fonunda iqlim dəyişikliyinin qarşısının alına bilməməsi və qlobal istiləşmənin səbəb olduğu quraqlıqlar da elə insanların atmosferi istixana qazları ilə hədsiz çirkləndirməsi nəticəsində baş verir. Yağıntılar azalır, turşulu yağışlar yağmağa başlayır və bu da kənd təsərrüfatına böyük ziyan vurur, qlobal ərzaq böhranına səbəb olur, həmçinin ərzaqda bahalaşmaya gətirib çıxarır, bu da iqtisadi böhran da deməkdir. İqlim dəyişikliyinə uyğunlaşmanın əsas yollarından biri təbii resurslardan səmərəli istifadə edilməsidir.
Təəssüf ki, ən böyük şirin su ehtiyatlarından biri olan Araz çayının və digər transsərhəd çayların illərdir Ermənistan tərəfindən çirkləndirilməsi baş verir. Bu eko-terroru dayandırmaq lazımdır, çünki region əhalisinin sağlamlığı, ekosistem ciddi zərər görür. Oxçuçay, Həkəri çayı, Bərgüşad çayı kimi transsərhəd çayların Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin zəhərli və radiaktiv tullantılarla çirkləndirilməsi ictimai səhiyyə üçün təhdid olmaqla yanaşı, yoluxucu xəstəliklərin artmasına səbəb ola bilər. Bununla Ermənistan BMT-in “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi ve istifadəsi üzre Konvensiyanın və Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi üzrə “Espoo” Konvensiyasının tələblərini pozur.
Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə ölkə prezidentinin 2020-ci il tarixli müvafiq sərəncamı ilə komissiya yaradılıb. Komissiyanın rəhbərliyi və aidiyyəti qurumların iştirakı ilə mövcud su qıtlığı şəraitində əhalinin içməli, kommunal məişət su təhcizatının, eyni zamanda əkin sahələrinin su təminatının həyata keçirilməsi üçün qabaqlayıcı tədbirlər görülür.
Azərbaycan bu il BMT-in İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) ev sahibliyi edir. COP29 çərçivəsində dünyanın su ehtiyatlarının qorunması və su təhlükəsizliyi ilə bağlı bir sıra təşəbbüslər irli sürülə bilər. Məsələn, yeni və daha güclü öhdəlikləri olan “Su təhlükəsizliyi və İqlim dəyişikliyi” mövzusunda güclü və konkret hədəfləri olan Bakı bəyannaməsi qəbul edilə bilər. Bu da su təhlükəsizliyində qlobal təşəbbüsləri gücləndirə bilər. Həmçinin Azərbaycanın bu təşəbbüsdə aparıcı rolu və danışıqlarda əsas fiqur olması bundan sonrakı dönəmdə də Konvensiyanın tələblərinin yerinə yetirilməsində hesabatlılığı təmin etməkdə böyük üstünlük olacaqdır.
Pərvanə Vəliyeva