18 fevral, 2021
“Vərəm və COVID-19 haqqında nələri bilməliyik?” mövzusunda maarifləndirici tədbir
“Uşaqlar gələcəyimizdir!” devizi altında “Vərəm və COVID-19 haqqında nələri bilməliyik?” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir “Sağlamlığa Xidmət” İctimai Birliyi və Azərbaycan Valideyn-Müəllim Assosiasiyasının təşkilatçılığı ilə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin Regional Vərəm Proqramı (TB REP 2.0) və Azərbaycanda səhiyyə sahəsində beynəlxalq proqramlar üzrə ölkə Əlaqələndirmə Komissiyasının dəstəyi ilə baş tutub.
Tədbirdə çıxış edən təhsil nazirinin müşaviri Rüstəm Ağayev nazirliyin Fəaliyyət Planında uşaqların sağlamlığı ilə bağlı məsələlərin prioritet olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, nazirlik tərəfindən bu istiqamətdə bir sıra layihələr reallaşdırılır. Təhsil müəssisələrində infeksion və qeyri-infeksion xəstəliklər barədə mütəmadi maarifləndirmə tədbirləri keçirilir. Habelə ənənəvi təhsilə keçidlə bağlı hazırda COVID-19 əleyhinə müxtəlif tədbirlər təşkil edilir, gigiyena qaydalarına düzgün əməl etməklə bağlı mütəmadi məlumatlandırma aparılır.
Daha sonra çıxış edən UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin COVID-19 haqqında məlumatlandırma, pandemiya dövründə uşaqlara dəstək olma, onların bu prosesdən ən az təsirlənməsi ilə bağlı UNICEF tərəfindən həyata keçirilən layihələr barədə danışıb. O qeyd edib ki, vərəmlə mübarizə də pandemiya dövründə unudulmamalı və vərəmə yoluxan uşaqların müalicə və qayğıya əlçatanlığı təmin olunmalıdır.
TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva da COVID-19 virusu ilə mübarizə çərçivəsində dövlət tərəfindən görülən işlər barədə danışıb. Vərəmlə mübarizə istiqamətində pandemiya dövründə yaranmış çətinlikləri vurğulayan Nəzrin Mustafayeva Cons Hopkins Universiteti tərəfindən aparılmış “COVID-19 dövründə vərəmlə mübarizədə fasilələrin gələcək dövrlərdəki fəsadları barədə modelləşdirmə” haqqında məlumatı da diqqətə çatdırıb.
“Vərəmin qarşısını alın” (Stop TB Partnership) tərəfdaşlığının icraçı direktoru Lucica Ditiu və Moldovanın Səhiyyə Siyasəti və İslahatlar Mərkəzinin direktoru Stela Bivol, Azərbaycan Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Şahin Rəcəbov və Azərbaycan üzrə Vərəm əleyhinə QHT koalisiyasının rəhbəri Elçin Muxtarlı vərəmlə mübarizədə diqqət çəkilməli məsələlərdən birinin pediatrik vərəm olmasını vurğulayıblar. Bildirilib ki, COVID-19 virusu uşaqlara az təsir etsə də, vərəm onlardan yan keçmir və hər il dünyada 1 milyondan çox insan vərəmə yoluxur.
Sonda Tıq-tıq xanım və Cırtdanın dialoqu dinlənilib, şagirdlər - Çiçək Hüseynli və Ziya Nəsibli “Vərəm və COVID-19” mövzusunda danışıb, Nuray Rəhman isə “Mənə bir nağıl danış, ata” mahnısını ifa edib. Vərəmdən dünyasını dəyişmiş Frederik Şopenin xatirəsinə Bakı Musiqi Akademiyasının tələbəsi Zöhrə Ramazanlı tərəfindən “Noktürn” əsəri pianoda ifa olunub.